1736-1802-ci illərdə Azərbaycanda və İranda hakimiyyətdə olmuşlar.
Afşar boyu Oğuzların 24 boyundan biri və Qaşqarlı Mahmuda görə Divanı Lüğəti-Türkdəki iyirmi iki oğuz bölümündən altıncısıdır. Bu boy Boz oğuzları qolundan (sağ qolundan), Oğuz Xaqanın oğlu Ulduz Xanın dörd oğulundan ən böyüyü olan Afşarın soyundan gəlir.
Afşarlar, Orta Asiyada, Sir-Dərya bölgəsində yaşamışlar. Böyük köç ilə Oguz tayfasından ayrılaraq Huzistan, Xorasan, bir qismi isə İraq, Suriya yolu ilə Qərbi Azərbaycan (indiki Ermənista ərazisi) və Anadoluya gəlmişdilər. İrana, İraq Suriyasına, Əfqanıstana da yayılmışlar. Afşarlar, Oğuzun o biri nəvələri Kınıklar və Sürüşülər kimi dövlət qurmuş, böyük hökmdarlar və sülalələr yetişdirmişlər.
Afşarlar, Böyük Səlcuq Dövlətinin bölünərək zəifləməsindən sonra, XII əsrin ilk yarısında bir müddət müstəqil, bir müddət də İraq Səlcuqlarına bağlı şəkildə bəyliklər qurmuşdular.
Karamanoğulları Bəyliyi, Avşar boyunun Qaramanlı qolundandır. Germiyanoğulları Bəyliyi, Avşar boyunun Germiyanlı qolundandır. Aydınoğulları Bəyliyi, Germiyanoğulları Bəyliyindən sonradan ayrılan bir bəylik olduğundan Avşar ola biləcəyi düşünülür. Saruhanoğulları Bəyliyi, Avşar boyunun Saruhanlı qolundandır. İran, Azərbaycan və Osmanlı tarixində üzərində əhəmiyyətli rol oynamış Afşarlar XII əsrdə, İç Anadoluya köç etmişdilər.
Səfəvilər dövründə, Fars və Huzistandaki Avşar oymaqlarından bir qisiminin Azərbaycana, xüsusilə Urmiyəyə gəlib yerləşdikləri təxmin edilməkdədir. Afşarlar Səfəvi dövlətini quran 7 Türk qəbiləsindən biridir. Xorasandaki Afşarların Qırxlı oymağına bağlı Nadir Şahın Azərbaycan tarixində çox əhəmiyyətli iştirakı olmuşdur.
Afşar xanədanlığı Nadir Şah öldürüldükdən sonra müəyyən zamanda qarışıqlıqlar içində yox olmuşdur.