Sovyet və İran arşivlərində uzun zaman gizli saxlanılan tarixi bəlgələr .
Cilovluq Soyqırmı (Asur_Erməni və kürd) əşirətlər və silahlı çətələri tərəfindən Güney Azərbaycan`da Türklərə qarşı törətdilən soyqırım.
Birinci Dünya müharibəsi illərində Rusiya və Qərb dövlətləri tərəfindən dəstəklənən erməni və assuri hərbi birləşmələrinin Güney Azərbaycanda, daha dəqiq desək, Urmiye , Salmas, Maku və Xoy bölgəsində millətimizə qarşı törətdiyi dəhşətli cinayətlər, kütləvi qırğınlar uzun zaman istər İranda, istərsə də keçmiş SSRİ-də gizli saxlanmış, yaxud təhrif olunmuş şəkildə qələmə verilmişdir. Yalnız son illər Güneydə «cilovluq faciəsi» kimi tanınan bu soyqırım aktlarına dair məqalə və kitablar, sənəd və materiallar ortaya çıxmışdır. Bu baxımdan Güneyli tarixçi Tohid Məlikzadə Dilməqaninin «Azərbaycan Birinci Dünya müharibəsində, yaxud cilovluq faciəsi» adlı fundamental əsəri faktoloji bazasının zənginliyi ilə diqqəti çəkir. Fars dilində yazılmış bu qiymətli kitab artıq AMEA Şərqşünaslıq İnstitutu Cənubi Azərbaycan şöbəsinin əməkdaşı Cəmalə Mirzəyeva tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir və hazırda çapa hazırlanmaqdadır. Həmin tərcümədən bir parçanı sizə təqdim edirik.
Birinci Dünya müharibəsi bəşər mədəniyyəti tarixində dönüş nöqtəsi sayılır. Belə ki, bu müharibə zamanı köhnə ictimai, siyasi quruluşların çoxu yenisi ilə əvəz olundu, böyük imperiyalar xırda məmləkətlərə çevrildilər, yeni milli hökumətlər meydana gəldi.
Azərbaycan (burada və sonra Güney Azərbaycan nəzərdə tutulur – red.) əsas döyüş meydanından, yəni Avropadan uzaq olsa da, geosiyasi mövqeyinə görə elə müharibənin ilk günlərindən rus və osmanlı ordularının tapdağı altına düşdü və bir çox səbəblərdən, o cümlədən, mədəni yaxınlığa görə osmanlılara meyilli mövqe nümayiş etdirdi. Bu ərazidə həmişə çoxluq təşkil etmiş və edən Azərbaycan türkləri osmanlılara havadarlıq etsələr də, Azərbaycanın xristian mənşəli sakinləri öz həmyerlilərinin əksinə olaraq, Rusiya, İngiltərə və Amerika dövlətləri ilə tərəfdaşlıq edirdilər. Bunlar Azərbaycanın Türk mənşəli xristianları idilər, lakin XIX əsrin əvvəllərindən etibarən qərb missionerlərinin səyi nəticəsində erməni dilini öyrənməyə başladılar. Bir çoxu hətta öz qədim təriqətlərini – qriqorianlığı (şərqdə yayılmış xristian təriqəti) atıb missionerlərin yaydığı katolik, protestant və ya ortodoks xristian məzhəblərinə üz tuturdular. Missionerlərin təbliğatının səbəblərindən biri də Azərbaycan xristianlarını rus, ingilis, Fransa qüvvələrin tərəfinə çəkmək idi. Bunun nəticəsi Birinci Dünya müharibəsi zamanı Azərbaycan xristianlarının hərəkətlərində özünü göstərdi.
1909-cu ildə ruslar Təbrizdə Rusiyaya qarşı təhlükə yaranması bəhanəsi ilə Azərbaycanı bütövlüklə işğal etdilər və bu vaxtdan etibarən Azərbaycan sərhədi boyunca Osmanlı dövləti ilə həmsərhəd oldular. Birinci Dünya müharibəsinin və Rusiya-Osmanlı ardıcıl müharibələrinin baş verməsi üzündən Osmanlı dövləti Azərbaycanda Rusiya qüvvələrinin yerləşməsi ilə razılaşa bilmədi və buna görə Qacar dövlətinə rusların Azərbaycandan çıxarılması tələbi ilə nota göndərdi. Qacar dövləti məsələni ruslarla müzakirəyə çıxardı. Lakin ruslar bu notaya məhəl qoymadılar. Hətta Rusiyanın Qafqazdakı baş komandanlığı şimal-qərbdəki ordu hissələrinin «Azərbaycan korpusu» adı ilə general Çernozubovun başçılığı altında yenidən qurmaq və möhkəmlətmək haqda qərar verdi. Bu ordunun əsas vəzifələrindən biri isti sulara və indiki İraq ərazisinə çıxış üçün çox böyük əhəmiyyətə malik olan Culfa-Xoy-Salmas və Urmiye yolunun qorunması idi. Bu bölgədə rusların xristian tərəfdaşlarının möcudluğu keçidin əhəmiyyətini daha da artırdı.
1915-ci ilin əvvəlində Azərbaycan rus və Osmanlı qüvvələrinin toqquşma meydanına çevril¬mişdi. Osmanlı qüvvələri Ənvər paşanın komandanlığı ilə bölgəni rus tör-töküntülərindən təmizləmək üçün Azərbaycana yaxınlaşdı. Lakin şəmsi tarixilə 1294-cü ilin dey ayında (1915-ci ilin əvvəlləri) böyük Sarıqamış faciəsi baş verdi. Ənvər paşa Ərzurumun Allah-əkbər dağlarında 100 min əsgərini itirdi.
1916-cı ilin yazında bütün bölgə tədricən rusların işğalına məruz qaldı. Osmanlıların rusları bölgədən sıxışdırmaq üçün etdiyi sonuncu cəhd Dilman döyüşündə (aprel-may aylarında) uğursuzluqla nəticələndi. Azərbaycanda «cilov» adlanan Osmanlı aysorlar (assuriyalılar – red.) hərbi oyunlardan kənarda qalmayaraq, öz dövlətlərinə qarşı müharibə elan etdilər. Lakin onlar Osmanlı ordusu qarşısında uzun müddət dayana bilmədilər. Əvvəllər rus qüvvələrinə arxalanıb Osmanlı dövlətinə qarşı qiyam qaldırmış aysorlar bu dəfə də rusların ətəyindən yapışaraq, Azərbaycana qaçdılar. Kişi, qadın və uşaqlardan ibarət on minlərlə cilov Hakkaridən qaçaraq, ac və yorğun halda Urmiye və Salmasa gəldilər.
Çağrılmamış bu ac qonaqların gəlməsi, üstəlik bu hadisənin dünya müharibəsi şəraitində baş verməsi Azərbaycan üçün çox ağır bir yük idi. Lakin buna baxmayaraq, Azərbaycan əhalisi onların yaşaması üçün münasib şərait yaradıb çörək və ocaqlarını onlarla bölüşdü. Cilovlar bu duz-çörəyin qarşılığını ölüm, qan və güllə ilə yetərincə ödədilər.
1918-ci il Oktyabr inqilabına, Rusiyanın Dünya müharibəsindən və o cümlədən, Azərbaycandan çıxmasına qədər ruslar və cilovlar bazarların yandırılmasında, əhalinin qırılmasında birgə fəaliyyət göstərirdilər. Ruslar Azərbaycandan çıxdıqda, müttəfiqlər rusların əvəzinə azərbaycanlılara və osmanlılara qarşı cilovları silahlandıraraq, onlardan 6 batalyon (4 batalyon aysor və 2 batalyon erməni), 4 batareya, 300 nəfərlik süvari dəstəsi və rus, ingilis, fransız zabitlərinin komandanlığı altında bir pulemyot rotası təşkil etdilər.
Xristian ordusu Urmiyeda 3 gün sürən qırğınlar törədərək, 22 fevral 1918-ci ildə Azərbaycanın qərbini işğal etdiyini bildirdi. Cilovların milli və dini rəhbəri olan Marşimon öz süvari qoşununu möhkəmləndirmək üçün ingilislərin müttəfiqi sayılan Simitkonun yanına gəldi. Lakin 16 mart 1918-ci ildə o, Salmasdakı Köhnəşəhərdə Simitko tərəfindən öldürüldü. Bu hadisədən sonra Urmiye, Dilman və Köhnəşəhərdə yenidən qətliam başlandı. Bir neçə ay ərzində 100 mindən çox azərbaycanlı şəhid oldu.
Andranik də cilovlara, oradan da ingilislərə qoşulmaqla, «Böyük Ermənistan» yaratmaq planını həyata keçirmək üçün 25 min erməni ilə Xoya hücum etdi. Amma onun bu məqsədi Xoydakı azərbaycanlı mücahidlərin və Osmanlı ordusunun fəaliyyəti nəticəsində baş tutmadı.
Osmanlı ordusunun Azərbaycana daxil olması ilə on minlərlə erməni və aysor ingilislərin köməyi ilə Urmiye gölünün cənubuna, oradan isə Həmədana – ingilislərin bazasına qaçdı. İngilislər onları Bağdadın şimalındakı düşərgələrdə yerləşdirdilər.
Azərbaycan xristianları bir çox avantüralardan sonra ümumi əfv olunaraq, Urmiye və Salmasa qayıtdılar.
XX əsrin əvvəllərində Arazın hər iki tayında azərbaycanlıların soyqırımı faciəsi Rza xanın hakimiyyətə gəlməsi ilə qaranlığa gömüldü, onun Azərbaycan türkləri ilə dərin düşmənçiliyi sayəsində unutduruldu. Şəhərlərin tarixi haqqında yazılan bir neçə kitab istisna olmaqla, heç bir müəllif tərəfindən heç bir kitabda bu mühüm mövzuya toxunulmadı. Beləliklə, sonrakı nəsillər cilovluq faciəsindən tamamilə xəbərsiz qaldı…
Birinci Dünya müharibəsinin başlanması
Birinci Dünya müharibəsi 1914-cü il iyunun 28-də başlandı. Buna səbəb zahirən Avstriyanın vəliəhdi ershersoq Frans Ferdinand və onun xanımının Sarayevoda öldürülməsi oldu. Əslində isə müharibəyə səbəb böyük dövlətlərin mənafelərinin toqquşması idi. Müharibə qısa müddətdə dünyanın böyük hissəsini əhatə etdi. Azərbaycan da qonşu dövlətlərin – Rusiya və Osmanlının Azərbaycan ərazisinə girməsi ilə bu müharibəyə qatıldı.
Osmanlı dövləti 1914-cü ilin payızında müttəfiqlərə müharibə elan etdi və açıq-aydın Rusiya, İngiltərə, Fransa ilə savaşa başladı. Qacar dövləti Osmanlı dövlətinin müharibəyə qoşulmasından iki gün sonra bitərəflik haqqında bəyanat verdi. Azərbaycan isə Rusiya və İngiltərəyə ümumxalq nifrət bəslədiyi üçün, həm də osmanlılarla mədəni və dini cəhətdən yaxın olduğuna görə, osmanlıların tərəfində çıxış etdi. Yüzlərlə azərbaycanlı məşrutəçi 1910-cu ildə rusların Azərbaycanı işğalı nəticəsində Osmanlı dövlətinin İstanbul, Van və s. şəhərlərinə pənah aparmışdılar. Onlar da Azərbaycanda rusların işğalına son qoymaq üçün Osmanlı ordusuna qatıldılar.
Azərbaycan 1912-ci ildən etibarən rusların tam işğalı altında idi. Belə bir şəraitdə Şücaüddövlə mərkəzi Tehran hakimiyyətindən asılı olmayaraq, birbaşa rusların tabeçiliyində fəaliyyət göstərirdi. Bu vəziyyət 1912-ci ildən Dünya müharibəsinin başlanmasından 2 ay sonraya qədər davam etdi. O, hətta III Məclisə seçkilərdə Azərbaycanın iştirakına mane olmağa nail olmuşdu. Beləliklə, Azərbaycan qeyri-rəsmi olsa da, Qacar İranından ayrılmışdı.
Müharibə başlandıqdan sonra Osmanlı dövlətinin cəhdlərinə baxmayaraq, Qacar hökuməti Azərbaycandan rusları çıxara bilmədi. 1914-cü il oktiyabrın 2-də Xarici İşlər nazirliyi Rusiya səfirliyinə məktubla müraciət edərək, bitərəf olduğunu bildirdi və buna görə də rus qoşunlarının çıxmasını tələb etdi. Lakin Rusiya səfirliyi 4 gün sonra məktuba cavab verərək, bu tələbi qəbul etmədiyini bildirdi. Osmanlı dövləti isə qonşuluğunda rus hərbi qüvvələrinin yerləşməsinə sakit baxa bilmədiyi üçün ordusunu Azərbaycanla sərhədə gətirdi. Təbrizdə ruslar tərəfindən Osmanlı və Avstriya konsullarının həbs edilmələri ilə müttəfiqlərin və birləşmiş qüvvələrin müharibəsi Azərbaycanı da bürüdü.
16 oktyabr 1914-cü ildə rus qoşunu Van tərəfə hərəkət etdi. Osmanlı dövləti də Azərbaycana 10 min nəfərlik qoşun yeritdi və Xoydakı Qotur məntəqəsini tutdu. Azərbaycan sərhədində mövqe tutmuş rus qruplaşmasının komandanı general Varpanov Osmanlı qoşununun qarşısını ala bilmədi. Osmanlı qoşunu Azərbaycan torpağına daxil oldu. Xarici İşlər Nazirliyi bəyanat verərək, bir daha Qacar dövlətinin bitərəfliyini və Osmanlı qoşunlarının Azərbaycan a daxil olmasını elan etdi:
«Əgər kimsə bu dövlətə qarşı silah qaldırarsa və bitərəfliyi pozan bir hərəkətə yol verərsə, ciddi surətdə cəzalandırılacaqdır. Dövlət tərəfindən həmin şəxsin əmlakı müsadirə olunacaq, özü isə ölümə məhkum olunaraq, dar ağacından asılacaqdır».
Bu bəyanatla sözdə Osmanlıların tərəfi saxlanılsa da, bu, yalnız formal xarakter daşıyırdı.
Müharibənin ilk aylarında Azərbaycanda Rusiya və Osmanlı qüvvələrinin mövqeləri
12 iyun 1914-cü ildə Batum və Qarsda toplaşmış Osmanlı ordusu Azərbaycana daxil olaraq, Naxçıvan və Xoya doğru hücum etdi. Osmanlılar bu yürüşdə Qarsda mövqe tutmuş qoşundan başqa, Azərbaycandakı tərəfdarlarına və Osmanlı dövlətinin ərazisinə köçmüş azərbaycanlı məşrutəçilərə də arxalanırdılar. Azərbaycanda şəkak tayfasının başçısı olan Simitko, Köhnəşəhərli Teymur ağa kimi insanlar ruslara əməkdaşlıq edirdilər. Hətta Azərbaycana dövlət tərəfindən təyin olunmuş vali Səmədxan Şücaüddövlə də rusların əli altında işləyirdi. Osmanlılar Simitkonun ruslarla əlbir olduğunu əvvəlcədən bilirdilər. Belə ki, 28 yanvar 1913-cü ildə Osmanlı dövlətinin sərhəd xidmətinin 19-cu bölüyünün komandanı yüzbaşı Abdullah Əfəndi, Yəhya Çavuş və daha bir nəfər şəxs vəzifə başından qayıdarkən, 15 nəfər Simitko atlısı tərəfindən tutularaq, Simitkonun yanına gətirilmişdi. Simitko Abdullah Əfəndiyə demişdi: «Siz Seyid Tahanın evini topa tutub xaraba qoymusunuz, onun əmlakını müsadirə və bizi isə təhqir etmisiniz. Siz kafirsiniz, imansızsınız. Görün, ruslar bizə necə hörmət edirlər, necə qayğı göstərirlər. Bizə orden və rütbə verirlər. Savadlanmağımız üçün məktəb açırlar Kürdlərin sizin zülmünüzdən qurataracağı vaxt uzaqda deyil. Əgər ruslarla döyüşə girsəniz, öz tayfamla sizə zərbə endirəcəyəm və Abdullah Əfəndini Salmasın mərkəzi Dilmanda rus kosuluna verəcəyəm». Yəhya çavuşu isə şəhid edib Urmiyeda dəfn etdilər.
Birinci Dünya müharibəsi başlayarkən, kardar, somay və lahican tayfaları da Osmanlılarla birləşdilər. Osmanlı dövlətinin daxilində isə Əbdüssalam Şeyx Barzan və başqa bəzi tayfa başçıları ruslarla əlbir oldular. Osmanlı dövlətindən Mirzə Səid Salmasinin dostu olan məşhur vaiz Ömər Naci «İttihad və tərəqqi» partiyasınınnın fəal üzvü və Osmanlı gizli təşkilatının üzvü olan Rəşid bəy, Çərkəs Ədhəm, Rövşəni bəy ilə birgə Azərbaycana gəldi. Onların məqsədi ruslara qarşı azərbaycanlıların səylərini birləşdirmək və rus qüvvələrinin bir hissəsini sıradan çıxarmaq idi.
200-ə qədər azərbaycanlı məşrutəçi mühacir də Osmanlı qoşununun sıralarına daxil oldu. Bunların arasında Əmir Hişmət, Hacı Mirzə ağa Billuri, Mirzə Nurullah xan Yekani, Haşım xan, Nəsrullah xan, Farisül-mülk, Heydər xan Əmoğlu, Hüseyn Ağa Fişəngçi kimi şəxslər var idi.
Birinci Dünya müharibəsindən əvvəl Azərbaycanda yerləşən rus hərbi qüvvələrinin mövqeyi və döyüş hazırlığı
Dediyimiz kimi, rus qoşunu 1912-ci ildən Azərbaycanı işğal etmişdi və onun döyüş imkanları aşağıdakı kimi idi:
- Komandanı general Çernozubov, qərargah rəisi polkovnik Andropovski olan II Qafqaz ordusu.
- Xoyda: 6, 8 və 2-ci briqadalar; 2 top batareyası ilə birgə kazak süvari briqadası.
- Salmas vilayətinin mərkəzi olan Dilməqanda (Dilmanda) bir top batareyası ilə birgə 7-ci briqada.
- Urmiye da: süvari batareyası ilə birgə 5-ci briqada, bir dağlıq batareyası.
Osmanlı hərbi kəşfiyyat xidmətinin əldə etdiyi məlumata görə, bundan başqa İrəvanda 35 min rus əsgəri, Makuda 10 ədəd səhra topu ilə 2500 nəfər, Kağızmanda bir süvari bölüyü döyüşə hazır vəziyyətdə idi.
Azərbaycan və Anadolu türklərinə qarşı müharibədə ermənilərin fəaliyyəti
Azərbycan, Osmanlı və Rusiyada yaşayan ermənilər də ruslarala bərabər azərbaycanlılara və osmanlılara qarşı vuruşurdular. Dünya müharibəsindən bir az əvvəl imperator II Nikolay Tiflis səfərində ermənilərin arxiyepiskopunun sözlərinə cavab olaraq, demişdi:
«Cənab keşiş, kilsəyə gələn insanlara deyin ki, erməniləri çox parlaq bir gələcək gözləyir».
O, bu sözlərlə Rusiyada, Osmanlıda, İranda və başqa ölkələrdə yaşayan erməniləri osmanlılarla müharibədə iştiraka sövq edirdi. Bu bəyanatdan az sonra Ermənistanda tez bir zamanda könüllü ordu birləşmələri yaradıldı və rus ordusunun bir hissəsinə çevrilən bu birləşmələr Rusiya-Osmanlı sərhədində mövqe tutdu.
Müharibənin başlanğıcında ermənilərin sayı
Salmasdakı erməni daşnaklarının ümumi sayı 1000 nəfərdən çox idi. Bundan başqa Andranikin başçılığı ilə 3000 nəfərdən çox erməni Ağrıdağ ətrafında (Makunun şimal-qərbində), Supuren komandanlığında 1000 nəfər Doğu Bəyaziddə yerləşən Qurtqapan bölgəsində, Van-Bitlis və Muşdan qaçmış 7000 nəfər erməni Kağızmanda, 5000 erməni Şağanda, 1500 nəfər erməni Qarsda, 10000 nəfər erməni İqdırda, Serob komandanlığında isə 1000 nəfər erməni mövqe tutmuşdu. Müharibədə müstəqil şəkildə iştirak edən ermənilərin ümumi sayı 31000 nəfər idi.
Dolayısı ilə Rusiyada da 120000 erməni müharibəyə səfərbər edilmişdi. 1914-cü ildə isə 60000 erməni orduya çağırıldı. Beləliklə, ermənilər rus ordusuna ümumi sayı 180000 nəfər olan əsgər verdilər. Rus ordusuna qoşulmuş Osmanlı, Salmas, Urmiye aysorlarının və Azərbaycan ermənilərinin sayı 100 min nəfərdən çox idi.
Beləliklə, Azərbaycan və Osmanlı dövlətinə qarşı müharibədə 250 mindən çox erməni iştirak etmişdi.
Ruslara qarşı osmanlıların ümumi hücümunun başlanğıcı
22 oktyabr 1914-cü ildə osmanlıların ruslara qarşı ümumi hücumu başlandı. Azərbaycanda yerləşən Rusiya ordusu haqqında Osmanlı hərbi kəşfiyyatının raportunda yazılırdı:
- Maku: Bir topxana və bir süvari birqadası ilə birgə III piyada briqadası.
- Xoy: üç süvari rotası, döyüşə hazır vəziyyətdə olan bir piyada qoşunu və iki-üç minə qədər ehtiyat əsgər qüvvəsi.
- Dilman: iki ağır top və bir süvari bölüyü ilə gücləndirilmiş VII briqada.
- Urmiye: Türküstandan gətirilmiş topxanası olan bir süvari batalyonu, dağlıq ərazi üçün münasib olan bir top batareyası, üç süvari bölüyü ilə birgə V briqada.
- Təbriz: VIII rus briqadası.
26 oktyabr 1914-cü ildə ruslar Osmanlı qüvvələrinin ardıcıl hücumlarının qarşısında dayanmaq üçün Salmasdakı qüvvələrinin sayını 5000-ə qədər artırdılar və buraya əlavə olaraq 8 top gətirdilər. 29 oktyabrda Osmanlı qüvvələri Qotur adlanan yeri tutdular. Ruslar tərəfindən Qotura hakim təyin olunmuş Simitko heç bir müqavimət göstərməyərək qaçdı.
Ruslar tərəfindən Anadolunun şərqi və Azərbaycanın qərbinin tutulması
6 noyabr 1914-cü ildə bir rus batalionu Köhnəşəhərdəki mövqelərindən hərəkət edərək Başqala bölgəsində yerləşən Deyrə hücum etdi. Bu hücum nəticəsində Osmanlı ordusu geri çəkilməli oldu. Noyabrın 9-da Deyr ələ keçirildi. Həmin ayın 13-də isə Başqala işğal olundu və oranın müsəlmanları ermənilər və ruslar tərəfindən qırğına məruz qaldılar. Osmanlı qüvvələrinin baş komandanı bu məğlubiyyətin ordu daxilində erməni xəyanəti nəticəsində baş verdiyini elan etdi. Onun sözlərinə görə, ermənilər Osmanlı qüvvələrinin əsas hissəsinə arxadan zərbə vurmuşdular. Azərbaycanda döyüşlər şiddətləndi. Bunun ardınca ruslar ermənilərin və aysorların Şərqi Anadolunu və Van şəhərini işğal etmələrinə, müstəqil aysor və erməni dövlətlərinin yaranmasına kömək göstərmək üçün üç tərəfdən Van və Şərqi Anadoluya hücuma başladılar.
1. Urmiye tərəfdən - Səmdinan: 16 noyabr 1914-cü il
2. Salmas tərəfdən - Başqala: 17 noyabr 1914-cü il
3. Qotur tərəfdən - Van: 18 noyabr 1914-cü il
Ağır hücumlarının qarşısında geri çəkilən osmanlılar Azərbaycanın qərbi ilə yanaşı, Anadolunun şərqini də rusların işğalı altında qoymağa məcbur oldular. Rusların irəliləməsini görən Van və Ərzurum valiləri çarəsiz qalaraq, Azərbaycan və Anadolu cəbhəsinin qorunmasına cavabdeh olan III Osmanlı ordusundan Van və başqa mühüm şəhərlərin rusların və ermənilərin əlinə keçməməsi üçün yardım istədilər.
Osmanlı qoşununun bir hissəsi 5-6 noyabr 1914-cü ildə Süleymaniyyə-Banə, Rəvandiz-Savucbulaq (indiki Mahabad) xətti ilə hərə¬kət edərək, rus qüvvələri ilə döyüşürdü. Bu qoşun hissəsi rusların Vana hücumununun ardınca 27 noyabrda burada ruslarla döyüşə girdi və bir rus süvari briqadasını məğlubiyyətə uğradaraq, Urmiye tərəfə hərəkət etməyə başladı. 16 dekabrda isə rusların əlaltısı Şücaüddövləyə tabe olan azərbaycanlılardan və Miyandoab (Qoşaçay – red.) bölgəsi tayfalarından təşkil olunmuş qüvvələri ilə Osmanlı qüvvələr arasında ağır bir döyüş oldu. Şücaüddövlə 1914-cü il noyabrın axırlarında Yaltadan gələn rus qüvvələrinin köməyi ilə Təbrizə daxil olmuşdu və bir neçə gün ərzində 4000 nəfərlik dövlət qoşunu ilə Miyandoabda Osmanlı əleyhinə mövqe tutmuşdu. O, bu döyüşdə məğlub olaraq, Marağa, Binab və Məlikan tərəfə geri çəkildi. Osmanlı qoşunu Təbrizə doğru irəlilədi (25 dekabr 1914-cü il).
Osmanlı qüvvələri 30 dekabr 1914-cü ildə heç bir döyüşsüz Təbrizə daxil oldular. Belə ki, ruslar Osmanlılar gəlməmişdən qabaq Təbrizi tərk etmişdilər.
Yüzbaşı Əhməd Muxtar bəyin komandanlığı altında Osmanlı və azərbaycanlı qüvvələrinin şəhərə gəlməsindən sonra Təbrizin valisi Sərdar Rəşid azərbaycanlıların osmanlı qoşunu ilə birgə hərəkətinin İran dövlətinin bitərəfliyini pozduğunu dedi və ən tez bir zamanda Osmanlı qoşununun Təbrizdən çıxmasını tələb etdi. Lakin yüzbaşı Əhməd Muxtar bəy Şücaüddövlə qoşununda azərbaycanlıların ruslarla birgə osmanlılara qarşı döyüşdə iştirak etdiyini bildirərək, 32 rus əsirindən 22-nin Şücaüddövlə qoşunundan olduğunu, azərbaycanın İkiçayarası və Şərqi Anadoluya keçid yolu olduğunu və valinin bu tələbinin qəbul edilməyəcəyini söylədi.
Şücaüddövlə bu məğlubiyyətdən sonra rusların digər əməliyyatlarında da iştirak etdi. Sonralar o, ruslarla birgə Azərbaycanı tərk etdi və 1918-ci ildə Rusiyada xərçəng xəstəliyindən vəfat etdi.
Osmanlıların Urmiyeya hücumları və oranın tutulması
Miyandoabda rusların məğlubiyyətindən sonra 22 dekabr 1914-cü ildə osmanlıların Bacirgəh rotası və Xətib Ömər Nacinin Azərbaycan məhəlli dəstələrindən və tayfalarından təşkil olunmuş qoşunu Urmiyeya tərəf hərəkət etdi. Osmanlı hərbi qüvvələri hərəkət etməmişdən qabaq Əmir Hişmət Neysari və Osmanlı dövlətində yaşayan Azərbaycan məşrutəçilərinin böyük bir qrupu Urmiyenın iki ağaclığında yerləşən Məvanədəki rus mövqelərinə hücum etdilər və onları məğlubiyyətə uğratdılar. Rus əsgərləri oradan və Ənhər bölgəsindən çıxdıqdan sonra Urmiyeya qaçdılar. Bu vaxt Urmiyeda rus qoşununun sayı çox az idi. Belə ki, Qars və Ərzurumdakı rus mövqelərinə hücum edən Ənvər paşanın qarşısını almaq üçün Azərbaycanda yerləşən rus qüvvələri oraya göndərilmişdi. Tədricən ruslar Azərbaycandan çıxırdılar. Talelərini ruslara tapşırmış Azərbaycan aysorları və erməniləri də ruslarla bərabər geri çəkilərək, Urmiye və Salmasdan çıxdılar.